Leyla Əliyeva Bakıda keçirilən Novruz şənliklərində iştirak edib
19/03/2013

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Novruz şənliklərində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

Prezident Novruz tonqalını alovlandırdı.

Dövlət başçısı və xanımı Dənizkənarı Milli Parka gəldilər. Ölkə başçısı bayram şənliyində nitq söylədi.

Prezident və xanımı bayram konsertinə baxdıqdan sonra burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış oldular.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları izlənildi. Prezident İlham Əliyev Federasiyanın xatirə kitabına ürək sözlərini yazdı.

Milli Parkda təşkil edilən “Şərq bazarı”nda ölkəmizin müxtəlif bölgələrində yetişdirilmiş məhsullar, sənətkarlıq nümunələri, müxtəlif bölgələrə aid Novruz mətbəxinin nümunələri sərgilənirdi. Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxdılar, bayram şirniyyatları ilə çay içdilər.

Dövlət başçısı və xanımı özfəaliyyət kollektivlərinin çıxışlarını dinlədilər, gənc pəhləvanların məharətlərini izlədilər.