Leyla Əliyeva RAGT sədri seçilib
18/04/2009

Aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilib. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva konfransda çıxış edib:

- Hörmətli qonaqlar!

Sizi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransında salamlayıram.

Bu gün bu salonda RAGT-nin məqsədlərini dəstəkləyən və Rusiya Federasiyasının, demək olar ki, bütün regionlarını əhatə edən Azərbaycanlı Gənclər Təşkilatı çərçivəsində bizim fəaliyyətimizin daha da inkişaf etdirilməsinə tərəfdar olan Rusiya gənclərinin 300-ə yaxın nümayəndəsi toplaşmışdır.

İndiyə qədər ciddi işlər görülmüşdür. Bu təşkilat gənclərin təkcə Moskvada deyil, həm də müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarını sıx birləşdirmişdir. İşin gedişində müxtəlif tədbirlər, konsertlər, sərgilər, görüşlər, birbaşa dialoqlar təşkil edilmiş, xeyriyyə işləri görülmüşdür.

Bu gün Rusiyanın hər yerində Azərbaycan gənclər klubları açılmışdır. Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edir. Sizin çoxunuz ümumi işimizin inkişafına öz töhfənizi vermisiniz. Bu gün bu salonda çoxlu tanış simalar görürəm, qonaqlarımızın çoxu növbəti məsul addım atmaq və RAGT-nin rəsmən təsis olunması haqqında qərar qəbul etmək üçün uzaq regionlardan buraya gəlmişdir.

Etirazınız yoxdursa, mən konfransın aparılmasını təşkilat komitəsinin üzvü Aynur İsparovaya tapşırmağı təklif edirəm. Məni dəstəklədiyinizə görə sizə təşəkkür edirəm.

xxx

Sonra çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov RAGT-ın təsis konfransını mühüm hadisə kimi səciyyələndirərək deyib ki, bu, Azərbaycan diasporunun formalaşması və inkişafında da əlamətdar hadisədir.

A.Rəhimov ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin indi də uğurla davam etdirildiyini bildirib. Hazırda Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan nazir hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin gənclər siyasətinin də uğurla aparılmasına imkan verdiyini deyib. O, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin də bu istiqamətdə güclü fəaliyyət göstərdiyini bildirib.

Təmsil etdiyi qurum adından təbriklərini çatdıran Rusiya Federasiyasının idman, turizm və gənclər siyasəti nazirinin müavini Oleq Rajnov isə ölkəsinin əsas sərvətinin bu torpaqlarda müxtəlif millətlərin yaşaması olduğunu söyləyib: “Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və ölkələrimizin gənclər siyasəti də uğurludur”. O, yeni yaranan təşkilatla Rusiyanın gənclər təşkilatları arasında yaxşı əlaqələrin qurulacağına ümid etdiyini bildirib: “Rusiya tərəfi həm təşkilatı, həm də onun proqramlarını dəstəkləyəcək”.

Konfransda xaricdə fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatları adından RAGT-a gələn təbrik məktubları oxunub.

Sonra konfransın gündəliyi təsdiq olunub, işçi orqanları seçilib.

RAGT-ın təsis edilməsi üzrə təşkilat komitəsi adından çıxış edən Emin Hacıyev qurumun yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycan və Rusiya gəncləri arasında sağlam təməllərə əsaslanan münasibətlərin olduğunu deyən Emin Hacıyev bildirib ki, bu təşkilat doğma dilimizin, mədəniyyətimizin və adət-ənənələrimizin qorunması sahəsində mühüm işlər görəcək: “Rusiya ilə Azərbaycan strateji tərəfdaş dövlətlərdir və biz burada – Rusiyada Vətənimizi ləyaqətlə təmsil etməliyik”.

E.Hacıyevin sözlərinə görə, təşkilatın yaradılmasında əsas məqsədlərdən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında fəal iştirakına nail olunmasıdır. Təşkilatın fəaliyyəti yalnız paytaxtla məhdudlaşmayacaq, Rusiyanın digər bölgələrini də əhatə edəcək.

Müxtəlif regionlardan gələn azərbaycanlı gənclər də çıxışlarında təşkilat qarşısında duran vəzifələrdən danışıblar. Təşkilatın Rusiyanın İvanovo vilayətindəki təmsilçisi Failə Quliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın vilayətə səfərini xatırladıb. O bildirib ki, təşkilatın bu vilayətdəki fəaliyyəti müxtəlif sosial layihələrin reallaşmasına yardım göstərməyə yönəlib.

Vladivostokdakı təşəbbüs qrupunun nümayəndəsi Adım Qazıyev də təmsil etdiyi regionda güclü diaspor təşkilatının fəaliyyət göstərdiyini bildirib.

Tomsk təşəbbüs qrupunun nümayəndəsi Lamiyə Bayramova isə qrupun fəaliyyətindən danışıb, bir çox layihələrin reallaşdırıldığını, ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı konfrans keçirdiklərini söyləyib. L.Bayramova Rusiyadakı azərbaycanlı gənclərə verdiyi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib və ona xatirə hədiyyəsi təqdim edib.

Sankt-Peterburqdakı təşəbbüs qrupunun nümayəndəsi Kamila Malışova azərbaycanlı gənclərin Rusiyada bir təşkilatda birləşməsi tarixi hadisə adlandırıb: “Bu isə gənclərə hər iki ölkənin daha da yaxınlaşmasına töhfə verən platforma yaratmaq imkanı verir. Məhz Leyla Əliyevanın səyləri nəticəsində Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun ali təhsil ocaqlarında Azərbaycan klubları yaradılmış və bununla da azərbaycanlı gənclər rusiyalılara milli mədəniyyətimizi nümayiş etdirmək imkanı qazanmışlar”.

Rostov-Dondakı təşəbbüs qrupunun nümayəndəsi Vyaçeslav Svitko bu təşkilat çərçivəsində daha çox gənclərin birləşəcəyinə əminliyini bildirib.

Təşkilatın Çelyabinskdəki təşəbbüs qrupunun nümayəndəsi Xuraman Əlsaimova isə RAGT-ın yaradılmasını yüksək dəyərləndirib, Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Başqırdıstandakı təşəbbüs qrupunun təmsilçisi Ağa Rüstəmov bu respublikada xeyli soydaşımızın yaşadığını xatırladıb, yeni yaradılan təşkilatın Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rolunun olacağını bildirib.

Sonra RAGT-ın yaradılması ilə bağlı səsvermə keçirilib, qurumun nizamnaməsi qəbul edilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşkilatın sədrliyinə namizədliyi irəli sürülüb və təklif yekdilliklə qəbul edilib.

Təşkilatın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.

RAGT sədri Leyla Əliyeva konfransa yekun vurub:

- Hörmətli qonaqlar, əziz dostlar!

Mən, ilk növbədə, konfransın bütün iştirakçılarını Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılması münasibətilə təbrik etmək, bizi dəstəklədiyinizə görə, bu gün çıxışlarınızda səslənən xoş sözlərə görə sizə təşəkkür etmək istəyirəm. Həmçinin məni bu təşkilatın rəhbəri seçdiyinizə görə, sizə təşəkkürümü bildirmək istəyirəm. Lakin demək istəyirəm ki, RAGT-də biz hamımız bərabər və əlbirik. Bizim təşkilatda hansısa vəzifələrin əhəmiyyəti yoxdur, başlıcası odur ki, biz hamımız Azərbaycanın hüdudlarından kənarda yaşayan, öz ölkəsini sevən, onun qədim tarixinə, zəngin mədəniyyətinə hörmət bəsləyən və öz Vətəninə faydalı olmağı arzu edən Azərbaycan gənclərinin bir hissəsiyik.

Milliyyətindən, yaşından, dini etiqadından və başqa fərqlərdən asılı olmayaraq, RAGT-də hamıya yer var. Mən bu təşkilatın bütün üzvlərini, Azərbaycanın imicini saxlamaq üçün iş görən, səy göstərən, Vətənimizi ləyaqətlə təmsil edən insanların hamısını salamlayıram.

Bununla bərabər, mən RAGT-yə daxil olmasalar da, Azərbaycan mədəniyyətinin təbliğinə kömək edən bütün təşkilatlara dərin hörmət bəsləyirəm. Mən onların seçiminə hörmət edirəm və onlarla işləməyə, əməkdaşlıq etməyə, əlimdən gələn kömək və dəstəyi göstərməyə hazıram.

Zənnimcə, belə desəm səhv etmərəm ki, Azərbaycanın bütün gəncləri öz Vətəni ilə fəxr edir. Azərbaycan zəngin mədəniyyətə, qədim tarixə və böyük istedadlara malik olan ölkədir. Müstəqil dövlət kimi hələ çox gənc olmağımıza baxmayaraq, qısa müddət ərzində ölkəmiz çox böyük nəticələrə nail ola bilmişdir. Yəqin hamınıza məlumdur ki, Azərbaycan iqtisadi inkişafın sürətinə görə dalbadal bir neçə ildir dünyada liderdir. Ölkəmizdə nəqliyyat və energetika sahələrində iri regional layihələr həyata keçirilir. Sosial problemlər həll edilir. Belə bir misal göstərmək kifayətdir ki, son beş ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Əlbəttə, bu, son hədd deyildir. Ümumiyyətlə, yoxsulluq olmamalıdır. Biz buna çalışırıq və mən inanıram ki, buna nail olacağıq.

Azərbaycan təhsil sahəsinə böyük sərmayə qoyur. Son dörd ildə ölkədə 1700 yeni məktəb tikilmişdir. Hər bir məktəbin öz kompyuter sinifi var. Mədəniyyətin inkişafı Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətidir. Tarixi abidələr, binalar bərpa olunur, muzeylər, teatrlar təmir edilir və eyni zamanda, yeniləri tikilir.

Mən xüsusi vurğulamaq istəyirəm ki, bütün bunlar təkcə Azərbaycanın paytaxtında deyil, bütün regionlarda da baş verir. Bir sözlə, həyatın bütün sahələrində inkişaf və yeniləşmə prosesi hiss edilir. Lakin təəssüf ki, ölkəmizin qarşısında hələ həll edilməmiş problemlər də var. Bu problemlərin ən böyüyü ölkəmizin ərazisinin 20 faizinin işğal olunması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ölkədə bir milyon qaçqın və məcburi köçkün var. Azərbaycan rəhbərliyi və xalqımız dəfələrlə vurğulamışdır ki, münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır. Danışıqlar prosesi 15 ildən çoxdur davam edir və mən inanıram ki, bu münaqişə yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıda biləcəklər. Zənnimcə, belə desəm, səhv etmərəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur.

Əziz dostlar! Bu gün biz Rusiyada ölkəmizi təmsil edirik. Bizi bir-birimizə çox şeylər - tarixi və mədəni əlaqələr, ortaq keçmişimiz bağlayır. Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə çox qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda rus məktəblərinin heç biri bağlanmamışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Lakin ən başlıcası isə, insanlarımız arasında, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Biz Rusiyaya minnətdarıq ki, burada özümüzü rahat hiss edirik, dünyada ən yaxşılardan sayılan təhsil almaq imkanımız var.

Mən bu konfransın bütün iştirakçılarına, bizi dəstəkləyənlərin və konfransın təşkilində bizə kömək edənlərin hamısına bir daha təşəkkür etmək istəyirəm. İnanıram ki, RAGT işlək quruma çevriləcək və ən başlıcası, bizim bütün ideyalarımız və planlarımız sadəcə kağız üzərində qalmayacaq, gənclərimizin daha sıx birləşməsinə, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə kömək edəcək konkret layihələr həyata keçiriləcəkdir.

Sağ olun.

xxx

Sonda RAGT-ın Rusiya gənclərinə müraciəti oxunub.