IDEA interaktiv seminar keçirib
26/09/2013

Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas hədəflərindən biri kimi müəyyənləşdirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər il dünyada 25 sentyabr tarixində qeyd olunan “Ümumdünya dəniz günü” ilə əlaqədar “Dünyanın su hövzələrinin çirklənməsi kontekstində şirin su ehtiyatlarının azalması” mövzusunda interaktiv seminar keçirib.

Seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində təşkil olunub. 20-dən artıq gəncin qatıldığı seminarda şirin su problemləri və problemlərin həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Seminarda ekspert qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov iştirak edib. Mütəxəssis seminar iştirakçılarına bu problemin əhəmiyyəti və miqyası haqqında məlumat verib, gəncləri bu sahədə diqqətli olmağa çağırıb.

Bundan əlavə, ekspert son illərdə ölkəmizdə və dünyada bu problemin aradan qaldırılması üçün görülən işlər haqqında danışıb, seminar iştirakçılarının suallarını cavablandırıb.