IDEA və Rusiya WWF bəbirlərin Qafqaza qaytarılması ilə məşğul olacaq
12/10/2012

Qafqazda bəbir və zubrların populyasiyasının bərpası, eləcə də regionun təbiətinin qorunması Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əsası qoyulmuş  IDEA təşkilatı arasında imzalanmış əməkdaşlıq sazişinin əsas məqsədlərini təşkil edir.

Üç il müddətinə imzalanmış müqaviləni Moskvada Rusiya WWF - nin direktoru İqor Çestin və IDEA-nın qurucusu Leyla Əliyeva imzalayıblar.

Müqavilə Rusiya ilə Azərbaycan arasında müasir ekoloji texlologiya, təcrübə və standartların tətbiqi, cəmiyyətdə ətraf mühitin qorunması ilə bağlı rəyin formalaşdırılması, qoruqların yaradılması və qorunması, həmçinin Avropa zubru ilə Asiya bəbirlərinin bərpası üzrə proqramın inkişafı sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər regionun xüsusi təbiət qoruqları sistemini inkişaf etdirəcək, Qafqazın sosial-iqtisadi inkişafı üçün iqlim dəyişikliklərinin təhlilini aparacaqlar.

“Razılaşmanın həyata keçirilməsi üçün tərəflər hər il onun reallaşdırılması üzrə iş planını hazırlayacaq və birlikdə təsdiqləyəcək”, - deyə sənəddə bildirilir.