III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib
31/10/2013

Oktyabrın 31-də III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.

“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya rəhbərlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və direktoru Leyla Əliyeva bu gün Bakının dünyanın sürətlə dəyişən şəhərlərindən biri olduğunu, Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin bunu tam əks etdirdiyini bildirib. “Tolerantlıq bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsidir”, - deyən Leyla Əliyeva ekoloji məsələlərə diqqət yetirməyin vacibliyindən danışıb.

Ekoloji sivilizasiyanın yaradılmasını bəşəriyyətin arzusu adlandıran Leyla Əliyeva bildirib ki, insanlar ətraf mühitə baxışlarını dəyişməsələr, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyətin həyatı üçün real təhlükəyə çevriləcək. Onun sözlərinə görə, indiyədək IDEA kampaniyası çərçivəsində ölkədə 14 milyon ağac əkilib, dünyanın bir sıra ekoloji şirkətləri ilə əməkdaşlıq qurulub, nəsli kəsilməkdə olan heyvanların qorunmasına yönələn bir çox təşəbbüslər dəstəklənib, 90 ölkədə 1400 uşağın iştirakı ilə ekologiya mövzularına həsr olunan müsabiqələr təşkil edilib. Forumda müzakirələr zamanı yeni terminlərin - ekoloji mədəniyyət, ekoloji jurnalistika, ekoloji təhlükəsizlik, ekobiznes və digər anlayışların yarandığını qeyd edən Leyla Əliyeva birgə səylərlə ətraf mühitin qorunmasında mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.