Leyla Əliyeva “Zaman və gözəllikdən kənar” adlı sərgi ilə tanış olub
14/11/2013

Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.

“YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danışıb, onun təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

İncəsənət elmləri namizədi, şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova da çıxış edib, L.Essaydinin yaradıcılığını, o cümlədən burada nümayiş etdirilən əsərlərini yüksək qiymətləndirib.

Sonra sərgiyə baxış olub.

2014-cü il yanvarın 14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.

“Zaman və gözəllikdən kənar” rəssam L.Essaydinin Azərbaycanda ilk sərgisidir və müəllifin 2012-13-cü illərdə Afrika Smitsonian İncəsənət Muzeyindəki sərgisindən sonra növbəti işidir. Rəssamın bütün karyerası boyu yaratdığı əsərləri bir yerə cəmləyən sərgi “Hərəm”, “Güllələr”, “Qovuşan ərazilər” və “Mərakeş qadınları” silsiləsini əhatə edir.

Sərgi Müasir İncəsənət Muzeyində “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən beynəlxalq müasir incəsənət sərgilərinin genişlənməkdə olan proqramının bir hissəsidir.