“İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirilib
29/11/2013

Noyabrın 29-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirilib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdiyi tədbirdə universitetin müəllim və tələbələri, Respublika QİÇS ilə Mübarizə Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən RAGB-nin tibb üzrə əlaqələndiricisi Samir Əliyev dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olan QİÇS-in kəşfi və tədqiqi tarixindən danışıb.

ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev Azərbaycanın bu il ilk dəfə olaraq Avropa regionunda noyabrın 22-dən 29-dək keçirilən “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulduğunu bildirib. Bununla bağlı Azərbaycanın bir neçə regionunda, o cümlədən Bakı şəhərindəki ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin iştirakı ilə aksiyalar keçirilir. Məqsəd dünyada geniş yayılan bu təhlükəli xəstəliklə mübarizədə səylərin gücləndirilməsidir.

Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Azərbaycanda İİV/QİÇS ilə bağlı epidiomoloji vəziyyət və bu xəstəliklərə qarşı görülən mübarizə tədbirləri barədə məlumat verib.

Azərbaycanda İİV-ə yoluxanların sayının az olduğunu deyən E.Alməmmədovanın sözlərinə görə, ölkəmizdə qadınlarla müqayisədə kişilər arasında İİV-ə yoluxma faizi üstünlük təşkil edir. Bu göstərici kişilərdə 80, qadınlarda isə 20 faizdir. Gənclər arasında da İİV-ə yoluxma faktları qeydə alınır. İİV-ə yoluxanların 35 faizi 40-49 yaşlı insanlardır.

Ölkəmizdə İİV-ə yoluxanların 30,3 faizinin məhbuslar təşkil etdiyini diqqətə çatdıran E.Alməmmədova bildirib ki, bu virusa yoluxmanın qarşısını almaq üçün vaxtında testdən keçmək lazımdır.

Digər çıxış edənlər də İİV/QİÇS-in təkcə tibbi problem deyil, həm də ciddi sosial-iqtisadi və hüquqi problem olduğunu bildirib, bu xəstəliklə mübarizədə əhalinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Tədbirdə Rusiyanın “Krasnaya lentoçka” sosial informasiya kampaniyasının QİÇS ilə bağlı hazırladığı film nümayiş etdirilib.