IDEA “Tullantıdan incəsənətə” adlı layihə həyata keçirib
16/12/2013

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihə həyata keçiriblər.

Layihə çərçivəsində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanaraq, dekabrın 16-da Bakının Səməd Vurğun küçəsində dekorativ Yeni İl yolkası qurulub.

Yolkanı dünyada tullantılardan incəsənət nümunələri yaratmaqla məşhurlaşmış, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurublar. Layihədə xeyli sayda könüllü də iştirak edib.

Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklardakı yolka ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.

Dekorativ ağacın ərsəyə gəlməsində istifadə edilmiş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən toplanılıb.