“Volqoqrad regionu Azərbaycanla dostluq əlaqələrini genişləndirir”
25/12/2013

“Volqoqradskaya pravda” qəzetində jurnalist Yelena Danilinanın “Volqoqrad regionu Azərbaycanla dostluq əlaqələrini genişləndirir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Volqoqradda Azərbaycan-Rusiya dostluğunun rəmzi olan yeni parkın açılışından bəhs edilir, parkın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi qeyd olunur.

Müəllif Leyla Əliyevanın Volqoqrada səfəri zamanı ona “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalının təqdim edildiyini xatırladır: “Bu medal vilayətin sosial-iqtisadi inkişafına, mədəni, ictimai və xeyriyyə təşəbbüslərinin həyata keçirilməsinə böyük töhfə vermiş insanlara təqdim edilir. Volqoqrad regionunda Leyla Əliyeva bu fəxri nişana layiq görülmüş ilk əcnəbi vətəndaşdır”.

Daya sonra yazıda “Volqoqrad-Bakı Dostluq Parkı”nın açılış mərasimindən bəhs olunur: “Yeni park Volqoqradla Bakı arasında dostluğun və işgüzar əməkdaşlığın rəmzidir. Havanın bir qədər şaxtalı olmasına baxmayaraq, yeni parkın təntənəli açılış mərasimi səmimi şəraitdə keçib. Müxtəlif dinlərə etiqad edən insanlar, gənclər və yaşlı nəslin nümayəndələri yeni istirahət yerində toplaşmışdılar. Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Azərbaycanla Rusiyanı çoxillik dostluq tellərinin bağladığını bildirib. Bu ölkələr birlikdə çox gərgin, faciəli anlar yaşayıblar. Amma onların yaxşı günlər də çox olub. Leyla Əliyevanın sözlərinə görə Azərbaycan məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Bakıda Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün sosial-infrastruktur layihələrini inkişaf etdirir. Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə xüsusi diqqət yetirilir”.

Məqalədə parkın açılış mərasimində iştirak etmiş Volqoqrad sakinləri ilə mübahisələr də yer alıb.

Qəzet Volqoqraddakı 3 nömrəli gimnaziyada yeni idman meydançasının təqdimatı haqda da yazır: “Bu meydança Heydər Əliyev Fondunun daha bir hədiyyəsidir”.