Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı başlayıb
07/05/2014

Mayın 7-də İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı başlayıb.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir.

2010-cu ildən keçirilən Qız qalası” Beynəlxalq incəsənət festival indiyədək 3 il ardıcıl olaraq Azərbaycanın paytaxtında, 1 dəfə isə Fransanın Kann şəhərində təşkil olunub.

Ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir.

Mayın 9-dək davam edəcək builki festivalda dünyanın 27 ölkəsindən 29 tanınmış rəssam iştirak edir.

Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar.

Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar veriblər. Bu məqsədlə nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilir.

Bu il Bakıda festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmlərin təqdim edilməsi planlaşdırılır.

Hazırlanan Qız qalası maketləri əvvəlcə Bakı sakinləri və paytaxtın qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənəcək.