“Baku” jurnalının 5 illiyi Bakıda qeyd olunub
17/11/2012

Noyabrın 17-də Bakıda beşulduzlu “Four Seasons Hotel Baku”nun açılışına həsr olunmuş təntənəli gecə keçirilib və “Baku” jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisiçisi və baş redaktoru Leyla Əliyeva iştirak edib.

Mərasimdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, yerli və xarici media mənsubları, tanınmış iş adamları, mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Tədbirdə çıxış edən “Four Seasons Hotel Baku”nun baş meneceri Tarek Murad Bakıda fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə etdi.

Qonaqlar nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalının 5 illiyinə həsr olunmuş fotosərgi ilə tanış oldular. Sərgidə məşhur fotoqrafların Bakının dəbini və müasir üslubunu təcəssüm etdirən fotoları nümayiş olunur.

Ötən beş ildə jurnal dünyanın aparıcı mətbu orqanlarından birinə çevrilib və çoxsaylı oxucu marağına səbəb olub.

Bu müddət ərzində jurnalın dünyanın bir çox ölkələrində təqdimatları keçirilib. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar dərc olunmaqdadır. Əsas məqsədlərindən biri ölkəmizi daha geniş coğrafiyada tanıtmaqdan ibarət olan “Baku” jurnalı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm layihələrə imza atır.

Tədbir yerli və xarici rəqs qruplarının, musiqi kollektivlərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı ilə davam etdi.