Heydər Əliyev Fondu tərəfindən 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib
29/05/2014

Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiklərini söyləyib. İlqar Mustafayev bildirib ki, Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclərin yetişdirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən uğurlu layihələr həyata keçirilir.

Mərasimdə Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan qonaqlar da iştirak ediblər.

Həştərxan vilayətinin uşaqları adından Leyla Əliyevaya fotoalbom hədiyyə olunub.