London Dizayn Muzeyi Heydər Əliyev Mərkəzini qalib elan edib
30/06/2014

İyunun 30-da London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi arxitektura sahəsində qalib elan olunub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid bu memarlıq nümunəsi layihəsinin reallaşmasına göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Leyla Əliyevaya da mükafatlandırılma mərasimində iştirakına görə minnətdarlığını bildirən Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin həm layihəsi, həm də fəaliyyəti ilə fərqləndiyini vurğulayıb.

London Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən edib. Müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə 2014-cü ilin qalibi Heydər Əliyev Mərkəzinin binası seçilib.