Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda görüş
12/04/2007

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycan klubunun prezidenti Leyla Əliyeva Moskva Dövlət Sosial-Humanitar İnstitutunun (MDSHİ) rektoru, soydaşımız Vaqif Bayramovun dəvəti ilə bu ali təhsil müəssisəsində olub

MDSHİ-nin rektorluğunda keçirilən görüşdən sonra gənclər hərəkatının lideri fiziki cəhətdən məhdud imkanlara malik tələbələrin təhsil aldıqları ali məktəblə tanış olub.[devider] O, ali məktəbin idman salonunda paralimpiyaçı qılıncoynadanlar və onların məşqçiləri ilə görüşüb. İdmançılar Azərbaycana səfərlərindən məmnunluqla danışıb, ölkəmizin qılıncoynatma üzrə yığma komandasının yaradılmasında və bir çox görkəmli idmançıların yetişdirilməsində iştiraklarından fəxrlə söhbət açıblar.

Rektor V.Bayramov Leyla Əliyevanı institutun tələbələrinin məişəti ilə tanış edib. Akt salonunda qonağın şərəfinə tələbələrin iştirakı ilə konsert proqramı təşkil olunub.

Leyla Əliyeva görüşdə çıxış edərək bildirib ki, MDSHİ-yə Heydər Əliyev Fondunun nümayəndəsi kimi gəlib, ali məktəb və tələbələrlə tanışlıq onda böyük təəssürat oyadıb. Azərbaycanda da bu cür ali məktəbin açılmasına kömək edəcəyini vurğulayan Leyla Əliyeva mədəni, humanitar və sosial sahələrdə layihələrin həyata keçirilməsinin Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm istiqaməti olduğunu söyləyib.

Lelya Əliyeva Heydər Əliyev Fondunun adından ali məktəbə kitablar və digər hədiyyələr təqdim edib.

Qeyd edək ki, Moskva Dövlət Sosial-Humanitar İnstitutu Rusiyada dayaq-hərəkət aparatı pozulmuş gənclərin təhsil aldığı, habelə paralimpiya oyunları üçün idmançılar hazırlayan yeganə institutdur.