Leyla Əliyeva Gəncədə olub
23/12/2014

Dekabrın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlarla birlikdə Gəncəyə səfər edib.

Leyla Əliyeva və qonaqlar əvvəlcə Heydər Əliyev park-kompleksini gəzib, hündürlüyü 41 metr olan Zəfər tağından park-kompleksi seyr edib, park-kompleksdəki 3 min tamaşaçı yeri olan amfiteatrla tanış olublar. Parkda şəhər sakinləri ilə söhbət edən Leyla Əliyeva onlarla xatirə şəkilləri çəkdirib.

Leyla Əliyeva və qonaqlar parkda yeni çinar ağacının əkilməsində də iştirak ediblər. Ağac rəmzi olaraq “Lermontov ağacı” adlandırılıb.

Daha sonra onlar Heydər Əliyev Mərkəzinə baş çəkib, Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışına qatılıb, Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim edib. Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış olan Leyla Əliyeva burada toxunmuş xalçanı “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə edib.

Daha sonra Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksində IDEA İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən yaşıllaşdırma marafonunda iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Leyla Əliyeva və qonaqlar Gəncəyə səfərləri çərçivəsində Xan bağında da olublar, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.