Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur

Video

Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur

Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur
02/03/2015

Martın 2-də Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgidə məşhur “Stephen Webster” brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunur.

Kolleksiyanı “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster təqdim edib.

Sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən Stiven Vebster burada nümayiş olunan əsərlərin tarixçəsindən söz açıb: “Mənim üçün çox böyük şərəfdir ki, sizin hər birinizin tanıdığınız Leyla xanım Əliyeva ilə əməkdaşlıq etmişəm. Bu layihənin əsası dörd il bundan əvvəl Leyla xanım ilə mənim aramda kiçik bir söhbət əsnasında yaranıb. Həmin vaxt Leyla xanım məndən müasir incəsənət üslubunda zinət əşyalarının yaradılması haqqında nə düşündüyümü soruşmuşdu. Sonradan isə məndən müsahibə alan bir jurnalist Azərbaycan incəsənətinin motivlərini özündə əks etdirən zinət əşyalarını yaratmaq barədə nə fikirləşdiyimi xəbər almışdı.

Deməliyəm ki, bu gün ərsəyə gələn bu layihə həmin müzakirələrin və söhbətlərin təcəssümüdür.

Bildiyiniz kimi, sənətkarlar çox ehtiraslı, öz daxili dünyasını əks etdirən tərzdə işləyir və əl işlərini yaradırlar. Mən böyük məmnuniyyətlə Leyla xanımın rəsmləri ilə tanış oldum, onun düşüncə tərzini öyrənməyə çalışdım. Beləliklə, onun əsərlərində əks olunan çalarları öz dizaynım və 40 illik təcrübəmlə birləşdirib zinət əşyaları yaratmağa başladım. Şübhəsiz ki, bu zinət əşyaları əsərlərdə əks olunan həmin cizgiləri özündə qoruyub saxlamalı, eyni zamanda bir zinət əşyası kimi cəlbedici olmalı idi.

Bu gün burada siz bizim bu işin, mənim çalışdığım səylərin nəticəsi ilə tanış olacaqsınız. Ümidvaram ki, Leyla xanımın əsərləri əsasında yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.

“Mənim işim nədənsə ilhamlanaraq yaranan hekayəni danışmaq və komandamı bunu qeyri-adi və avanqard bir əsərə çevirməyə ruhlandırmaqdır, - deyə Stiven Vebster bildirib.

Sonra sərgiyə baxış olub.

“İncəsənət və zərgərlik” sərgisi “İtaldizain Group” şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.

“Stephen Webster” məhsulları zərgərlik aləmində həmişə cəsarətli, innovativ dizaynı ilə seçilir. Bu brendin uğurunun və çoxsaylı pərəstişkar sevgisi qazanmasının sirri ekzotik qiymətli daşlardan və müstəsna materiallardan istifadə edilməsində, eləcə də detallara hədsiz diqqət yetirilməsindədir.

Yaradıcılığa 16 yaşından başlayan Stiven Vebster hazırda öz nəslinin görkəmli dizaynerlərindən biri sayılır. O, Böyük Britaniya zərgərlik sənayesinə xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə (MBE - The Most Excellent Order of the British Empire) təltif olunub.

“Stephen Webster” kolleksiyalarının ideyası adətən ədəbiyyatdan, filmdən olan hansısa xatirə və ya musiqidən qaynaqlanır. Stiven Vebster indiyə qədər ingilis şair və rəssamı Vilyam Bleyk, fransız yazıçısı Jül Vern, ingilis yazıçısı Aqata Kristi kimi məşhurların əsərlərindən ilham alaraq zinət əşyaları hazırlayır.

Sərgi martın 31-dək davam edəcək.