Dövlət Bayrağı Meydanı ərazisində Daş salnamə muzeyi açılıb

Video

Dövlət Bayrağı Meydanı ərazisində Daş salnamə muzeyi açılıb

Dövlət Bayrağı Meydanı ərazisində Daş salnamə muzeyi açılıb
08/06/2015

İyunun 8-də Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihəsi olan Daş salnamə muzeyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.

1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binası bərpa işlərindən sonra muzey kimi fəaliyyət göstərəcək.

“Daş salnamə” sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir. Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş “Daş salnamə” ekspozisiyasına “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Heykəltəraş bu sərgidə “Arteriya” adlandırdığı səpkidə bir tarixi təqdim edir. Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.

Epiqrafik abidələr də tarixin öyrənilməsində ən qiymətli mənbədir. Yazılı mənbələrdə nadir hallarda yer alan məlumatlar daşlar üzərindəki yazılarda saxlanılır. Ekspozisiyada müxtəlif məzmunlu epiqrafik yazılar qorunub saxlanılır, xatirə plastikasının qiymətli eksponatları təqdim edilir. Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.

Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə biləcəklər.