Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Crystal Hall”da yaradılmış şəraitlə tanış olublar

Video

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Crystal Hall”da yaradılmış şəraitlə tanış olublar

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Crystal Hall”da yaradılmış şəraitlə tanış olublar
08/06/2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılmış şəraitlə tanış olublar.

“Baku Crystal Hall”da birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.

Buradakı dörd min tamaşaçı yerlik voleybol meydançası beynəlxalq tələblərə cavab verən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar.

“Baku Crystal Hall”un boks meydançasında 2600 tamaşaçı yerlik tribuna qurulub. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün lazımi işlər görülüb.

Zalda media mərkəzi də yaradılıb. “Baku Crystal Hall”da “Eurovision” mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulmuş otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib.

Birinci Avropa Oyunları zamanı qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların keçirilməsi məqsədilə yaradılmış zalda idmançıların rahatlığı üçün bütün zəruri şərait var. Burada taekvondo və karate yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança quraşdırılacaq.

Ümumilikdə, “Baku Crystal Hall”da birinci Avropa Oyunları zamanı keçiriləcək yarışlar üçün yaradılmış zalların hamısı Beynəlxalq Olimpiya Oyunları standartlarına cavab verir.

“Baku Crystal Hall”un ətrafında geniş abadlıq işləri də aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.