“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirilir
10/06/2015

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində iyunun 10-da “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinə start verib.

Qax və Şəki rayonlarından 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsi iyunun 12-dək Qax rayonunun İlisu kəndində keçiriləcək.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin təşkilinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılacaqlar. Uşaqlar müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə də iştirak edəcəklər.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunur. Bu illər ərazində 150 başdan artıq ceyran Şirvan Milli Parkından tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib, onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilir.