Moskvada “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfrans keçirilib

Video

Moskvada “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfrans keçirilib

Moskvada “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfrans keçirilib
27/02/2008

“Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər”. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən fevralın 27-də Moskvada təşkil edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfransda deyib.

Leyla Əliyeva bildirib ki, Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. Münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini xatırladan Leyla Əliyeva deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini zəbt etmiş və şəhərin 613 dinc sakinini, o cümlədən 106 qadını, 63 uşağı və 70 nəfər ahıl insanı amansızlıqla qətlə yetirmişlər. Xocalı yaraları hər bir azərbaycanlının ürəyində əbədi qalacaqdır”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri bununla yanaşı, Azərbaycan üçün çox ağır və çətin illər arxada qaldığını, indi ölkənin günbəgün inkişaf etdiyini, çiçəkləndiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadi artım sürətinə görə dalbadal üçüncü ildir ki, dünyada birinci yeri tutur, insanların həyat səviyyəsi yaxşılaşır, əhalinin əmək haqqı və pensiyalar artır, işsizlik və yoxsulluq azalır.

Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin problemlərinə böyük diqqət yetirdiyini xüsusi olaraq vurğulayan Leyla Əliyeva çıxışını belə bitirib: “Ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq, bu gün bircə çadır şəhərciyi də qalmamışdır, qaçqınların və məcburi köçkünlərin hamısı üçün normal həyat şəraiti yaradılmışdır. Əminəm ki, Azərbaycan xalqının heç bir nümayəndəsi torpaqlarımızın işğal edilməsi ilə barışmayacaqdır. Artıq 15 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi gedir. Biz çox ümid edirik ki, dünya birliyi səsimizi eşidəcək və bu problem tezliklə öz ədalətli həllini tapacaqdır, çünki bu gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yoxdur. Mən inanıram ki, azərbaycanlılar lap yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqlar”.

Azərbaycan XİN Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Tofiq Musayev Xocalı şəhərində azərbaycanlı əhalinin məhv edilməsinin soyqırımı kimi tövsif edildiyini bildirib. O qeyd edib ki, Xocalıda baş vermiş faciəli hadisələrlə bağlı bütün faktlar işğalçıların məqsədinin şəhər sakinlərini yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə məhv etməkdən ibarət olduğunu göstərir. Azərbaycan XİN nümayəndəsi bildirib ki, dövlət səviyyəsində görülən tədbirlər, eləcə də mövcud hüquqi çərçivələr Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırıma görə cinayətkarların cəzalandırılmasının labüdlüyünə olan inamı gücləndirir.

Azərbaycan Prezidenti İcra Aparatının siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov konfrans iştirakçılarının diqqətini erməni təbliğat maşınına fəal informasiya fəaliyyətinin qarşı qoyulmasının vacibliyinə yönəldib. Onun sözlərinə görə, tarixçilər, siyasətçilər, gənclər və kütləvi informasiya vasitələri cəlb edilməklə bu cür kütləvi tədbirlərin keçirilməsi zəruridir. F.Axundov bununla əlaqədar olaraq dövlətin səylərini, Xocalı faciəsinə, Ermənistan-Azərbaycan münaqişəsinə dair informasiya materiallarının yayılmasında Heydər Əliyev Fondunun fəal mövqeyini xüsusi qeyd edib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, MDU, Seçenov adına Tibb Akademiyası və Moskva Dövlət Linqvistika Universiteti kimi tanınmış ali məktəblərin tələbələri, aspirantları və magistrləri Ermənistan-Azərbaycan münaqişəsinin tarixi-hüquqi və siyasi aspektləri, bu münaqişənin nəticələri haqqında məruzələrlə çıxış ediblər. Konfrans iştirakçıları tələbələrdən Olqa Kuraşın “80-ci illərin axırları – 90-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin tarixi”, Andrey Kurakinin “Xocalı soyqırımı beynəlxalq cinayət kimi”, Natiq Əliyevin “Ermənistan-Azərbaycan münaqişəsinin siyasi-hüquqi aspektləri”, Ceyhun Hüseynovun “Qarabağın tarixi”, Anarə Axundovanın “90-cı illərdə Qarabağ haqqında jurnalist işlərinin nümunələri” və Əşrəf Həsənovun “Xocalı soyqırımının azərbaycanlı qaçqınlar üçün nəticələri” mövzusunda məruzələrini böyük maraqla dinləyiblər.

Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalıda azərbaycanlıların soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirilib, Moskva Dövlət Linqvistika Universitetinin tələbələri Polina Sousnikova, Mariya Ryabova, İlya Ostaşko və Dəmir İzmailov Xocalı faciəsi haqqında Azərbaycan dilində şeirlər oxuyublar.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin siyasətindən söz açıb, gəncləri daha fəal və təşəbbüskar olmağa çağırıb: “Azərbaycanın siyasi rəhbərliyi, Prezident İlham Əliyev bizi qələbəyə, uğurlara doğru aparacaq və cinayətlərin təqsirkarları cəzalandırılacaqdır”.

Tədbirin keçirildiyi “Yunost” mehmanxanasının foyesində Xocalı faciəsinə həsr olunmuş ekspozisiya təşkil edilib.