“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib

Video

“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib

“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib
14/06/2015

İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin və “Tullantıdan sənətə” muzeyinin açılışı olub.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva əvvəlcə “Qız qalası” incəsənət festivalı çərçivəsində nümayiş olunan əsərlərlə tanış olub.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.

Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir. Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb edirlər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq ötən il festivalda iştirak etmiş və festivalın dostları olan rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilib. Bu il festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssam iştirak edib.

Bu il festivalın iştirakçısı olan rəssamlar tərəfindən birinci Avropa Oyunlarının simvolları - Nar və Ceyran heykəlləri də rənglənib.

Festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası və Ceyran maketləri əvvəlcə Bakı sakinləri və qonaqlar üçün İçərişəhərdə, daha sonra müxtəlif ölkələrdə sərgilənərək Azərbaycanı, onun tarixini və mədəniyyətini təmsil edəcək.

Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.

Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir.

“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır. Layihə çərçivəsində qəsəbə sakinləri üçün tullantıların idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir.

İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb. Hər il bir neçə gün nümayiş olunan, həmçinin əvvəlki illərdə keçirilmiş “Tullantıdan sənətə” sərgilərində nümayiş olunmuş əsərlər bu muzeydə təqdim ediləcək.