Xocalı faciəsinin müsəlmanlara qarşı yönəldilmiş cinayətlərin sırasına salınması zəruri sayılıb
03/07/2009

İyulun 2-də Tunis Respublikasının Qamart şəhərində İSESKO-nun 10-cu Baş Konfransı işə başlayıb. Tunis Respublikasının Prezidenti Zeynalabdin Ben Ali açılış iclasında çıxış edib. 

O, sürətlə dəyişən dünyada müsəlmanları İslam dəyərlərini qoruyub saxlamağa, mədəniyyətlərarası dialoqun aparılmasına təşəbbüs göstərməyə, tolerantlıq nümayiş etdirməyə, xoşagəlməz təzahürləri aradan qaldırmağa çağırıb.

Konfransın birinci günü Azərbaycan tərəfi üçün əlamətdar olub. Həmin gün İSESKO və İslam Aləminin Gənclər Forumu arasında bağlanan Anlaşma Memorandumuna Əlavə Protokol imzalanıb. Protokolda Xocalı faciəsinin müsəlmanlara qarşı yönəldilmiş cinayətlərin sırasına salınması zəruri sayılıb.

İSESKO-nun Baş direktoru Ə.O.Əl Tüveycri 9-cu Konfransdan sonrakı dövrdə müsəlman ölkələrində elmi mərkəzlərin, tədris ocaqlarının, təhsil müəssisələrinin yaradılmasında təşkilatın rolundan danışıb. O, eyni zamanda İSESKO-nun BMT, Avropa Birliyi, Afrika Birliyi Təşkilatı və digər beynəlxalq qurumlarla faydalı əməkdaşlıq yaratdığını bildirib.

Tədbirdə Azərbaycan Təhsil Nazirliyinin məsul işçisi A.Axundov və Azərbaycan Respublikasının Tunisdəki müvəqqəti işlər vəkili M.İmanzadə də iştirak ediblər.