Rusiya Milli Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib
20/01/2016

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə Rusiya Milli Kitabxanasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın diaspor fəalları, ziyalılar, azərbaycanlı tələbə və gənclər, Rusiya ictimaiyyətinin nümayəndələri və “Sekretnıye materialı” qəzetinin redaktoru Aleksandr Karpov iştirak ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Tədbir iştirakçılarına 20 Yanvar faciəsi mövzusunda “Qanlı Yanvara aparan yol” adlı rus dilində sənədli film nümayiş etdirilib.

Baş konsul Elşad Qulamov, “Smolnıy Universiteti” elmi-təhsil konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Yazıçılar İttifaqının üzvü, profesor Yuri Pompeyev, Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov, "Azərbaycan Təhsil Mərkəzi"nin rəhbəri Həsən Mənsimov, “Vətən” ictimai təşkilatının rəhbəri Məzahir Həsənov və Rusiyanın fəxri hüquqşünası Yuri Soltanov və RAGB-nin Sankt-Peterburq üzrə bölməsinin fəal üzvü, Tələbələr Şurasının sədri, Kirov adına Hərbi-Tibbi Akademiyanın tələbəsi Mehdi Əlizadə mərasimdə çıxış ediblər.

Mərasimin yekununda şəhidlərin ruhuna dualar oxunub. İştirakçılara 20 Yanvar faciəsinə həsr olunmuş fotomateriallar nümayiş edilib.