V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib

Video

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib
29/09/2016

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.

“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”ya sədrlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Leyla Əliyeva tədbirdə çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti və təbiəti barədə iştirakçılara məlumat verib, ölkəmizin Şərq ilə Qərbin qovuşuğunda, tarixi İpək yolunun üstündə yerləşdiyini vurğulayıb və bu amilin Azərbaycanda zəngin mədəniyyətin formalaşmasına təsir etdiyini bildirib.

Bildirilib ki, ətraf mühitin mühafizəsi hökumətin başlıca vəzifəsi olsa da, qeyri-hökumət təşkilatlarının, xüsusilə də gənclərin bu prosesdə iştirakı zəruridir. 2011-ci ildə təsis olunan IDEA İctimai Birliyinin fəaliyyəti və nailiyyətləri, o cümlədən gənclərin maarifləndirilməsi, təşkilatın layihəsi çərçivəsində ölkədə 5 milyondan artıq ağacın əkilməsi, biomüxtəlifliyin mühafizəsi üzrə görülmüş tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, IDEA-nın “Bir planet – bir gələcək” şüarı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaşayan gəncləri təbiətin mühafizəsi naminə öz ətrafında birləşdirib.

Təbiətin itkilərinin artıq aylarla, illərlə deyil, dəqiqələrlə ölçüldüyü diqqətə çəkilib və insan fəaliyyəti nəticəsində biomüxtəlifliyin məhvi barədə danışılıb. Leyla Əliyeva xoşməramlı səfiri olduğu FAO-nun “Sıfır Aclıq” təşəbbüsündən də söhbət açıb. Qeyd edib ki, artıq qlobal problemə çevrilən yoxsulluq və aclığın aradan qaldırılması, xüsusilə də uşaqların qida çatışmazlığı və susuzluqdan əziyyət çəkməməsi üçün bütün dövlətlərin birgə səy göstərməsi zəruridir.

Leyla Əliyeva gələcək nəsillərdən ötrü yaşıl və təhlükəsiz planetin təmin edilməsi üçün hər kəsi təbii resurslardan səmərəli istifadə etməyə və təbiətə qarşı qayğıkeş olmağa çağırıb.