Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən tədbir keçirilib
28/12/2016

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Moskvada tədbir keçirilib. Tədbirdə Rusiyanın və Azərbaycanın gənclər birliklərinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. Bayram tədbirinə RAGB-nin Moskva, eləcə də regional bölmələrinin nümayəndələri də qatılıblar.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, təşkilatın 2016-cı ildə fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, başa çatmaqda olan il gənclər birliyi üçün uğurlu olub. RAGB-nin sədri Leyla Əliyevanın rəhbərliyi ilə bir sıra yeni layihələr həyata keçirilib. Birliyin üzvlərinin sayının ilbəil artdığını vurğulayan E.Hacıyev hazırda Rusiya Federasiyasının 60-dan çox regionunda təşkilatın bölmələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulduğunu qeyd edib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika Bağının direktoru Aleksey Reteyum ölkəmizin son illər qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Rusiyadakı Türkiyə diasporunun rəhbəri Yusif Şən Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin səyləri nəticəsində üç ölkə arasında yaranan strateji əməkdaşlıq münasibətlərindən danışaraq RAGB-nin uğurlu layihələrinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir.

Sonra RAGB-nin regional bölmələrinin nümayəndələrinin təbrik videoları göstərilib.

Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.