Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olub
12/05/2017

Mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış üçün səhnəyə dəvət olunublar.

Birinci vitse-prezident Mehriban Əliyeva  mərasimdə çıxış edib.

Sonra mikrofonun önünə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.