“SABAH-ın məzunu” mərasimi keçirilib

Video

“SABAH-ın məzunu” mərasimi keçirilib

“SABAH-ın məzunu” mərasimi keçirilib
04/06/2017

İyunun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu” mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva “Mən SABAHAM” adlı sərgi ilə tanış olub. Sərgidə gənclər Leyla Əliyeva ilə öz innovativ ideyalarını bölüşüblər.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində “SABAH-ın Könüllüsü” layihəsi həyata keçirilib.

SABAH qruplarının professor-müəllim heyəti, ümumilikdə, 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.

“SABAH-ın məzunu” mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

Məktubda SABAH-ın ilk məzunlarına uğurlar arzulayan Mehriban Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. SABAH könüllülərinin ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edib.

Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə şəkli çəkdirilib.