Leyla Əliyeva “Red Bull Illume” fotosərgisinin açılış mərasimində iştirak edib
19/12/2017

Dünyanın ən böyük macəra və ekstremal idman fotosərgisi “Red Bull Illume” beynəlxalq turne çərçivəsində ilk dəfə Bakı şəhərində təqdim olunur.

Dekabrın 19-da Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov və “Red Bull Illume” layihəsinin rəhbəri Ulriş Qril tədbirdə çıxış ediblər.

Sərgidə işıqlandırma mövzusuna uyğun olaraq “Image Quest 2016”nın finalçı 55 fotoşəkli işıq qutuları üzərində nümayiş olunur.

Fotomüsabiqədə, həmçinin bu ilin noyabrında Azərbaycanda keçirilən milli mobil müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil yer alıb.

Müsabiqənin birinci yerinin sahibi Fərman Lazımova, finalçılar Emin Əlizadəyə və Leyla Fətəliyevaya hədiyyələr təqdim olunub.

Sərgi 2018-ci il yanvarın 15-dək paytaxt sakinləri və qonaqlar üçün açıq olacaq. Girişin hər kəsə sərbəst olduğu sərgi çərçivəsində həftəsonları əlavə əyləncəli proqramlar da təşkil ediləcək.

Xatırladaq ki, “Red Bull Illume” macəra və idman növlərinə həsr edilən ən böyük beynəlxalq fotomüsabiqədir. Ən yaradıcı və həyəcanverici fotoşəkilləri nadir incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin məqsədi idman və macəranı təşviq etməkdir. 2016-cı ildə isə müsabiqəyə yeni “Mobil” kateqoriya əlavə olunub.

“Red Bull Illume Image Quest 2016”ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda - 34624 fotoşəkli təqdim edilib. “Red Bull Illume” qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçını, 11 kateqoriya üzrə qalibi və 1 ümumi qalibi müəyyən edib. Müsabiqədə alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində “BMX” velosipedi sürdüyü zaman çəkdiyi şəkillə ikinci dəfə qalib olub.

Sərginin açılış mərasimi Əməkdar Artist Tünzalə Ağayevanın və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.